1901-ci ildə Mirzə Ələkbər Sabirin Balaxanıda dərs dediyi tarixi bina
Balaxanı qəsəbəsinin tarixi məkanlarından biri olan və bu gün Mirzə Ələkbər Sabirin adını daşıyan Mədəniyyət evi böyük şairin pedaqoji fəaliyyəti ilə də bağlıdır. 1901-ci ildə Mirzə Ələkbər Sabir Balaxanıda yerləşən, vaxtilə mədrəsə kimi fəaliyyət göstərmiş binada dərs deyib. Bu fakt məkanı yalnız mədəniyyət ocağı deyil, həm də Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsinin həyat və fəaliyyətinə şahidlik edən tarixi ünvanlardan birinə çevirir. Mədəniyyət evi 1904-cü ildə fəhlələrin özfəaliyyət dərnəyi kimi fəaliyyətə başlayıb. 1930–1989-cu illərdə Balaxanı qəsəbə Cümə məscidinin binasında klub kimi fəaliyyət göstərib. Müxtəlif dövrlərdə burada Şövkət Ələkbərova, Mirzə Babayev, Məmmədbağır Bağırzadə və Azərbaycanın digər tanınmış sənətkarları çıxış ediblər. 1990–1991-ci illərdə fəaliyyətini dayandıran klub 1992-ci ildən keçmiş Şahmat klubunun binasında fəaliyyətini davam etdirib. 2008-ci ildən isə Mədəniyyət evi Balaxanı qəsəbə Şadlıq evinin binasında yerləşir. Hazırda onun ayrıca binası yoxdur. Bu gün Mədəniyyət evində bədii özfəaliyyət kollektivi ilə yanaşı, fortepiano, rəqs və rəssamlıq kursları da təşkil olunur. Müəssisə Balaxanı sakinlərinin asudə vaxtının səmərəli təşkili, mədəni-maarifləndirici tədbirlərin və əlamətdar günlərin keçirilməsində mühüm rol oynayır.
