XII-XIV əsrlərə aid edilən Ramana qəsri
Dünya əhəmiyyətli memarlıq abidəsi hesab olunan Ramana qəsri Sabunçu rayonunun Ramana qəsəbəsində yerləşir. Şirvan-Abşeron memarlıq məktəbinin ən yaxşı nümunələrindən biri olan bu qalanın XII-XIV əsrlərdə tikildiyi qeyd edilir. Hərbi memarlığın unikal örnəklərindən olan qala Şirvanşahlar dövləti dövründə qəsr kimi istifadə olunub. Ağ daşdan tikilən bu tarixi abidə hündür qayanın üstündə inşa edildiyi üçün bütün ətraf kəndlərdən görünür. Tarixçilər Ramana qalasından Qız qalasına vaxtilə yeraltı yolun olduğunu iddia edirlər. Bu qaladan bir sıra filmlərin çəkilişində də istifadə olunub. Onların arasında “Koroğlu”, “Nəsimi” və “Babək” kimi tarixi filmlər yer alır. 2001-ci ildə Ramana qəsri digər Xəzəryanı müdafiə qurğuları ilə birlikdə UNESCO-nun Ehtiyat siyahısına daxil edilib.
