ADA Universiteti Fondu və ABB-nin tərəfdaşlığı ilə baş tutan tədbirə ölkənin müxtəlif sahələrini təmsil edən çoxsaylı şirkət və qurumlar qatılıblar. Builki sərgi əvvəlki illərlə müqayisədə həm miqyas, həm də iştirak baxımından fərqlənib. Belə ki, sərgidə 152 şirkət və 350-dən çox insan resursları üzrə nümayəndə iştirak edib. Bankçılıq, texnologiya, energetika, turizm, hüquq və digər sahələri əhatə edən qurumların nümayəndələri, iştirakçılara iş və təcrübə imkanları barədə məlumat veriblər, onlarla birbaşa təmaslar qurublar və yerindəcə ilkin müsahibələr keçiriblər. ADA Universitetinin prorektorları Günay Ziyadova və Elkin Nurməmmədov, ADA Universiteti Fondunun prezidenti Natiq Hacıyev və ABB bankın İnsan Resursları Departamentinin direktoru Məlahət Abdullayeva çıxışlarında bildiriblər ki, Karyera Sərgisi gənclərə əmək bazarında təmsil olunan qurum və şirkətləri daha yaxından tanımaq, özlərinə uyğun iş imkanını asanlıqla tapmaq fürsəti verir. Qeyd edək ki, "Global Media Group", "Baker Tilly", "EY", "KPMG Azerbaijan", "PwC Azerbaijan", "PAŞA Holding", eləcə də "Azərkosmos", SOCAR, AZAL, Elm və Təhsil Nazirliyi, Dövlət İmtahan Mərkəzi kimi bir çox dövlət və özəl qurumlar təmsil ediliblər.
Tədbir: Oxu.az