Mərkəz iki mərtəbədən ibarətdir. Birinci mərtəbədə hər birinin gücü 2500 kVA olan 35/0,4 kilovoltluq iki güc transformatoru, 35 və 0,4 kilovoltluq qapalı paylayıcı qurğular, ikinci mərtəbədə idarəetmə, texniki və köməkçi otaqlar yerləşir. Regional Rəqəmsal İdarəetmə Mərkəzinin elektrik təchizatı üçün 110/35/10 kilovoltluq “Ağdam-2” yarımstansiyasından 35 kilovoltluq hava-kabel xətti çəkilib. Mərkəz şəhərin müxtəlif təyinatlı infrastrukturunun elektrik enerjisinə tələbatını ödəməklə yanaşı, təchizat sxeminə daxil olan şəbəkələrin real vaxt rejimində və rəqəmsal formatda idarə olunmasını təmin edəcək. Müasir tipli Mərkəz vasitəsilə ətraf ərazilərin də elektrik təchizatının etibarlılığına və dayanıqlılığına nəzarət təmin olunacaq. Eyni zamanda, burada mühəndis–texniki heyətin səmərəli işini təmin edən müasir avadanlıqlarla təchiz olunmuş iş otaqları, vətəndaş qəbulu üçün lazımi şərait yaradılıb.