Martın 13-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə "Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi" mövzusunda XII Qlobal Bakı Forumu öz işinə başlayıb. Martın 15-dək davam edəcək tədbirdə dünyanın müxtəlif ölkələrinin prezidentləri, baş nazirləri, nazirləri, parlamentariləri, həmçinin sabiq dövlət və hökumət rəhbərləri, beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər. XII Qlobal Bakı Forumunda qlobal aktual problemlər, çoxtərəfli diplomatiya, çoxqütblü dünya nizamı, BMT-nin gələcək paktı, postmünaqişə dövründə bərpa-quruculuq işləri və orta güclərin yeni dünya düzənində rolu kimi vacib mövzular müzakirə olunacaq. Tədbir beynəlxalq liderləri bir araya gətirərək qlobal siyasət, təhlükəsizlik, texnologiya və sülh kimi məsələlərin müzakirəsinə şərait yaradacaq.