Bakı Dövlət Universitetinin Biologiya və Kimya fakültələri
Bakı Dövlət Universitetinin Biologiya fakültəsi 1934-cü ildə yaradılıb. Fakültədə tədris əyani və qiyabi təhsilalma formaları üzrə Azərbaycan, rus və ingilis dillərində aparılır. Burada 4 ixtisas üzrə bakalavr, 20 ixtisas üzrə magistr hazırlanır, fəlsəfə və elmlər doktoru proqramları çərçivəsində 9 ixtisas üzrə kadr hazırlığı aparılır. Biologiya fakültəsi Türkiyə, Gürcüstan, Rusiya, Almaniya, Fransa, İspaniya, İngiltərə kimi ölkələrin aparıcı universitetləri və elmi mərkəzləri ilə sıx əməkdaşlıq edir. Universitetin Kimya fakültəsi isə 1919-cu ildən Azərbaycan Dövlət Universitetinin tibb fakültəsinin nəzdində fəaliyyət göstərən Ümumi və qeyri-üzvi kimya kafedrasının bazası əsasında yaradılıb. Kimya fakültəsi 1934-cü ildən müstəqil fakültə kimi fəaliyyət göstərir. Fakültədə 7 kafedra, 5 elmi-tədqiqat laboratoriyası, 35 tədris laboratoriyası mövcuddur.
