İnstitut 1936-cu ildə fəaliyyətə başlayıb. Amma 1932-ci ildən SSRİ Elmlər Akademiyası Zaqafqaziya Filialının Azərbaycan Şöbəsi təşkil edildikdə bir sıra məşhur botanika alimləri Aleksandr Qrossheym, Leonid Prilipko, İvan Koryagin burada elmi tədqiqat işləri aparıblar. 1800-cü illərdə dünyanın məşhur botanikləri floramızı tədqiq edib və Qafqaz ərazisindən toplanmış müəyyən herbari nümunələrini burada qoyublar. Herbari fondunda 100 illik bir dövrü əhatə edən, Azərbaycanın bütün ərazilərindən toplanmış bitki nümunələri qorunur. Bundan öncə, 1800-cü illərə aid Qafqaz ərazisindən toplanmış herbari nümunələri ayrıca saxlanılır. Bitki nümunələri içərisində ot, kol, ağac bitkilərinə aid 135 fəsilə, 1 065 cinsi əhatə edən 600 000-ə yaxın herbari nüsxəsi var. 63 ali sporlu, 24 çılpaqtoxumlu, 4 313 örtülütoxumlu bitki növünü əhatə edən kolleksiyada 27 fəsilə, 79 cinsə aid 20 sintip, 33 izotip, iki holotip, beş topotip, doqquz paratip və bir lektotipi əhatə edən 270 herbari tip nümunəsi saxlanılır. Göstərilən tip nümunələri Azərbaycan ərazisindən ilk dəfə elm üçün təsvir edilən növlərdir. Son günlər Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Mərkəzi Nəbatat Bağında aparılan təmir işləri nəticəsində Botanika İnstitutunun yerləşdiyi binanın söküləcəyi bildirilir. Herbari şöbəsinin əməkdaşlar da narahatdırlar ki, illərlə qurudulub saxlanılan herbari fondu məhv olacaq.
Reportaj: Oxu.az