Bakıda Dənizkənarı Milli Parkın ən gözəl guşələrindən biri olan “Kiçik Venesiya şəhərciyi” 1960-cı ildə istifadə verilmişdir. 2011-ci il martın 30-da ölkə başçısı tərəfindən şəhərciyin yenidən qurulması ilə bağlı göstəriş verilmişdir. Ümumi sahəsi 9740 kvadratmetr olan ərazidə tikinti işlərinə həmin ilin iyununda başlanmışdır. Ümumi uzunluğu 1350, dərinliyi isə 1,3 metr olan kanalın doldurulması üçün 7 min kubmetr su sərf olunmuşdur. Şəhəcik əsaslı yenidənqurmadan sonra 28 may 2012-ci ildə yenidən istifadəyə verilmişdir. Əsaslı yenidənqurma işləri zamanı şəhərciyin ümumi strukturu saxlanılmaqla mövcud kanallar genişləndirilmiş, yeni qayıqlar gətirilmiş, əlavə körpülər və iki restoran inşa edilmişdir. İtaliyanın Venesiya şəhərini xatırladan bu şəhərcik özünün füsunkar mənzərəsi ilə paytaxta xüsusi gözəllik verir.