FHN-in "Bakı 2025" əməliyyat-taktiki təlimi
Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə Bakı şəhəri, Qaradağ rayonunun Ələt qəsəbəsində Bakı Beynəlxalq Dəniz Limanının ərazisində "Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində dövlət orqanları ilə qarşılıqlı fəaliyyətin təşkili" mövzusunda "Bakı 2025" əməliyyat-taktiki təlimi keçirilib. Təlimi fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov, Beynəlxalq Mülki Müdafiə Təşkilatına üzv ölkələrin fövqəladə hallarla mübarizə üzrə məsul qurumlarının rəhbər şəxsləri, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi, Dövlət Ehtiyatları Agentliyi, ANAMA, TƏBİB, AZCON, SOCAR, bp, FHN yanında İctimai Şura və digər qurumların rəhbər vəzifəli şəxsləri izləyiblər. Təlim irimiqyaslı fövqəladə hallar zamanı xilasetmə qüvvə və vasitələrinin birgə fəaliyyət mexanizminin həyata keçirilməsi, real imkanlarının müəyyən edilməsi, idarəetmə sisteminin təkmilləşdirilməsi və bununla bağlı qərargahların əməliyyat hazırlığının yüksəldilməsi, qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması, qarşılıqlı fəaliyyət və hərtərəfli təminatın təşkili məqsədilə keçirilib. Qeyd edək ki, təlimdə Fövqəladə Hallar Nazirliyi ilə yanaşı Müdafiə, Daxili İşlər, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirlikləri, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi, Dövlət Ehtiyatları Agentliyi, ANAMA, TƏBİB, AZCON, SOCAR və bp-nin ümumilikdə 1 250 nəfərdən ibarət canlı qüvvəsi, 8 ədəd helikopteri, 277 ədəd xüsusi təyinatlı texnikası və 14 baş xüsusi təlim görmüş iti iştirak edib.
