"Global Media Group"un təşəbbüsü ilə növbəti ağacəkmə aksiyası keçirilib
“Global Media Group”un təşəbbüsü və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə oktyabrın 22-də Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində növbəti ağacəkmə aksiyası keçirilib. “Yaşıl gələcək birlikdə kök salır” şüarı altında təşkil olunan aksiyada “Global Media Group”a daxil olan media qurumlarının və şirkətlərin əməkdaşları, eləcə də Bakı Avropa Liseyinin şagirdləri iştirak ediblər. Könüllülər ərazinin relyefi və yerli iqlim şəraiti nəzərə alınmaqla zeytun və şam ağacları əkib, tinglərə aqrotexniki qulluq göstəriblər. Aksiyanın məqsədi ətraf mühitin qorunmasına, ekoloji tarazlığın saxlanılmasına və cəmiyyətdə ekoloji məsuliyyətin artırılmasına töhfə verməkdir. BMT-nin Qlobal Sazişinin üzvü olan “Global Media Group” korporativ sosial məsuliyyət siyasəti çərçivəsində ətraf mühitin mühafizəsinə və ekoloji layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetirir. Qrup gələcək nəsillər üçün daha sağlam və yaşıl mühitin formalaşdırılmasına yönəlmiş təşəbbüslərini mütəmadi olaraq davam etdirir. Qeyd edək ki, 2017-ci ildə təsis edilən “Global Media Group” Azərbaycanda və ölkə xaricində fəaliyyət göstərən televiziya kanallarını, informasiya agentliklərini, xəbər portallarını, qəzetləri və digər media resurslarını birləşdirən aparıcı media şirkətlər qrupudur.

