Kateqoriyalar
Sırala

Güləş üzrə U-17 dünya çempionatının ikinci günü

Bakıda keçirilən güləş üzrə U-17 dünya çempionatının ikinci yarış günündə Azərbaycanın beş yunan-Roma güləşçisi mübarizəyə qoşulub. Gün ərzində həm təsnifat mərhələsinin görüşləri, həm də ilk medal qarşılaşmaları baş tutub. Medal görüşlərində Azərbaycan yığması üç medal qazanıb. Belə ki, 48 kq çəki dərəcəsində çıxış edən Ömər Salmanov və 65 kq-da mübarizə aparan Orxan Həbibli bürünc medala sahib olublar. 80 kq-da yarışan İsfahan Həsənov isə finalda İran təmsilçisi Alireza Hassan Rezaiyə məğlub olaraq dünya çempionatının gümüş medalını qazanıb. Təsnifat mərhələsində 45 kq çəki dərəcəsində Əli Cavadlı bolqarıstanlı Oqnyan Burqazovu və gürcüstanlı Luka Bolkvadzeni hər iki görüşdə 9:0 hesabı ilə məğlub edərək finala vəsiqə qazanıb. 51 kq-da Abdulrəhman Hüseynli qazaxıstanlı Kuanişbek Janqajolu (9:0), Əlcəzair təmsilçisi Lyes Boumazanı (9:0) və ermənistanlı Gevorq Harutyunyanı (6:4) məğlub edərək finala yüksəlib. 60 kq çəki dərəcəsində Elmir Çərkəzov ilk görüşdə Qazaxıstan təmsilçisi Nurali Askeri 2:0 hesabı ilə məğlub edib. Daha sonra almaniyalı Kristiano Libtsaytı və belaruslu Raman Şarkounu üstələyən güləşçimiz bürünc medal uğrunda görüşə vəsiqə qazanıb. 71 kq-da Nadir Həsənov ilk görüşdə Tacikistan təmsilçisi Mehdi Azizboevi məğlub etsə də, növbəti mərhələdə ukraynalı Roman İvanyuka uduzaraq mübarizəni dayandırıb. 92 kq çəki dərəcəsində çıxış edən Zöhrab Səfərov isə ilk görüşündə ukraynalı Hlib Yevsiyevə 4:7 hesabı ilə məğlub olub. Qeyd edək ki, növbəti yarış günündə Əli Cavadlı (45 kq) və Abdulrəhman Hüseynli (51 kq) qızıl medal uğrunda final görüşlərinə çıxacaqlar. Elmir Çərkəzov (60 kq) isə bürünc medal uğrunda mübarizə aparacaq. U-17 dünya çempionatı Bakıda Milli Gimnastika Arenasında keçirilir. Yarışda 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi iştirak edir. Azərbaycan mundialda 29 idmançı ilə təmsil olunur. Dünya çempionatına avqustun 2-də yekun vurulacaq.

 

Çəkiliş tarixi: 28 iyul 2026
Şəkillərin sayı: 74
Fotoqraflar:
Tapdiq Abdullayev
Tapdiq Abdullayev
arrow-up