Kateqoriyalar
Sırala

İkinci Dünya müharibəsinin 100 yaşlı veteranı Ağababa İsgəndərov

İkinci Dünya müharibəsi bəşər tarixinin ən geniş miqyaslı və dağıdıcı münaqişələrindən biri kimi milyonlarla insanın taleyini dəyişib. Həmin insanların sırasında Ağababa İsgəndərov da var idi. 1926-cı ildə Göyçə mahalının Basarkeçər rayonunun Daşkənd kəndində anadan olan Ağababa İsgəndərov 1943-cü ildə 18 nəfərlə birlikdə cəbhəyə yollanıb. O, müharibənin ən ağır illərində Sankt-Peterburqda artilleriya kursu keçərək topçu kimi hazırlanıb və daha sonra 416-cı Taqanroq diviziyasında xidmətə başlayıb. Onun döyüş yolu xəritədə sadəcə ölkə adları kimi görünə bilər - Ukrayna, Belarus, Estoniya, Polşa - lakin hər biri onun yaddaşına qan, itki və sağ qalmaq uğrunda mübarizə ilə həkk olunub. 1945-ci ilin may ayının 2-də, müharibənin son günlərində Berlin uğrunda gedən şiddətli döyüşlər zamanı ağır yaralanıb. O, hospitala yerləşdirilib və bir il altı ay davam edən müalicə prosesi başlayıb. Məhz həmin hospitalda keçən günlər onun xatirələrində xüsusi yer tutur. Ağır yaralı vəziyyətdə olduğu vaxt ona qulluq edən tibb bacısı Elza əsir düşmüş bir alman qızı idi. Müharibənin qarşı tərəflərində dayanan iki insanın eyni palatada bir araya gəlməsi Ağababa İsgəndərova zamanın ironiyası kimi görünürdü. Elza hər gün onun qayğısına qalır, sağalmasına kömək edirdi. Zamanla bu münasibət insanlıq və etibar üzərində qurulan bir bağlılığa çevrilir. Onlar ailə həyatı qururlar və bir oğul övladları dünyaya gəlir. Lakin müharibədən sonrakı reallıqlar onların yollarını ayırır. Ağababa İsgəndərov 1947-ci ildə SSRİ-yə qayıtmalı olur, Elzanın isə onunla getməsi mümkün olmur. Övladı və sevdiyi qadınla həmişəlik vidalaşır. Bu gün yüz yaşlı veteran keçmişə baxanda onu qələbəyə doğru aparan ağır döyüş yolu ilə birlikdə Berlində yarımçıq qalan həyatını da xatırlayır. Bu şəhər onun üçün təkcə müharibənin son nöqtəsi deyil, həm də ömrünün sonunadək unuda bilmədiyi xatirələrinin yaşadığı yerdir.

Çəkiliş tarixi: 09 may 2026
Şəkillərin sayı: 13
Fotoqraflar:
Ramil Yunus
Ramil Yunus
arrow-up