Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi
Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin fəaliyyətinin məqsədi əmək bazarının tələbatına uyğun olaraq, ümumi orta və tam orta təhsil bazasında mədəniyyət və sənətkarlıq sahələri üzrə ixtisaslı kadrların hazırlanmasını təmin etməkdir. Hazırda mərkəzdə zərgər, ağac nəqqaşı, aşpaz, bərbər, qrimçi-pastijor, qənnadçı-şirniyyatçı, kinomontajçı, video çəkiliş üzrə operator, səs və işıq operatoru, florist, tədbir təşkilatçısı, kompüter operatoru, media və audiovizual texnologiyaların istismarı, veb dizayner və proqram təminatçısı, xalçaçı, kostyum ustası və dərzi, saç və gözəllik ustası, moda dizayneri və digər ixtisaslar mövcuddur. Bu ixtisaslar arasında yer alan qrimçi-pastijor, zərgər və vitraj ustası kimi sənət sahələri yaradıcılıqla yanaşı, yüksək dəqiqlik və peşəkar bacarıq tələb edir. Hər bir istiqamət tələbələrə həm nəzəri bilik, həm də praktiki təcrübə qazandıraraq onları əmək bazarına hazırlayır.
