Motosikletçi qadınlar: Evelin Mustafa Abbasova və Natəvan Xanməmmədli
Azərbaycanda yaradılan ilk qadın motosiklet klubu 2020-ci ildə təsis edilib. Klubun təsisçisi və prezidenti Evelin Mustafa Abbasova Azərbaycanda sertifikata malik ilk qadın motosiklet təlimçisidir. Bura yalnız motosiklet sürməyi sevən qadınların bir araya gəldiyi məkan deyil. Klubun əsas məqsədi qadınları birləşdirmək, onlara motosikleti düzgün və təhlükəsizlik qaydalarına əməl edərək idarə etməyi öyrətməkdir. Üzvlər hesab edirlər ki, motosiklet sadəcə nəqliyyat vasitəsi deyil, həm də azadlığın və gücün rəmzidir. Bu azadlıq hissi zamanla onların həyat tərzinə çevrilib, lakin hər zaman öncəlik təhlükəsizlik qaydalarına verilir. Kluba qoşulmaq üçün sərhəd yoxdur. 18 yaşdan yuxarı hər bir qadın motosiklet sürməyi öyrənə və klubun sıralarına daxil ola bilər. Evelin Mustafa Abbasova motosiklet sürməyi diqqətin yol, sürət və vəziyyəti eyni anda qiymətləndirdiyi bir proses kimi izah edir. Hər dönüş və hər manevr sürücünü həm fiziki, həm də zehni baxımdan gücləndirir. Klubun təhlükəsizlik üzrə rəhbəri Natəvan Xanməmmədli artıq 22 ildir motosikletlə yol yoldaşıdır. O deyir ki, hər axşam şəhərin sıxlığından yayınaraq evə çatmaq və o anın sakitliyini, stressdən uzaq olma hissini yaşamaq həm özünü, həm də ətrafındakıları ilhamlandırır. Təcrübəli motosikletçi bildirir ki, kluba qoşulan hər kəs burada qala bilmir, çünki bunun üçün məsuliyyət və güclü iradə tələb olunur. Motoklubun ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Səbinə Məmmədli vurğulayır ki, son illərdə motosiklet sürən qadınlara münasibətdə müsbətə doğru dəyişmə müşahidə olunur. O, Azərbaycan Motosiklet İdmanı Federasiyasının (AMİF) dəstəyi ilə klubun Azərbaycanda və beynəlxalq səviyyədə uğurlar qazandığını bildirir. Ötən il klubun Türkiyədə nümayəndəliyi fəaliyyətə başlayıb, eyni zamanda Gürcüstanda da nümayəndəliyin açılması planlaşdırılır. Onlar bildirirlər ki, bu motoklub həm qadınların ümid yeri, həm də özünü ifadə etməkdə çətinlik çəkənlər üçün çıxış yoludur. Klubun üzvləri 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına dilədikləri həyatı yaşamağı, hər addımda öz güc və iradələrinə güvənərək qarşılarına çıxan bütün çətinlikləri dəf etməyi arzulayırlar.
