Neftçalada yerləşən neft mancanaqları
Neftçala rayonunun neft sənayesi zəngin və maraqlı bir inkişaf tarixinə malikdir. Bu torpaqlarda ilk neft quyusunun qazılması hələ 1872-ci ilə təsadüf edir. Ərazidə aktiv kəşfiyyat-qazma işlərinə XIX əsrin sonu və XX əsrin əvvəllərində başlanılsa da, müəyyən çətinliklər səbəbindən proses yarımçıq qalmışdı. Bölgənin böyük potensialını ilk görənlərdən biri isə kimyaçı alim Qubkin olmuşdur. 1923-cü ildə Neftçala ərazisində geoloji kəşfiyyat işləri aparan alim, o vaxt boş və şoran olan torpaqları göstərərək ayaq basılan bu yerlərin hər qarışının altının qızıl və böyük sərvət olduğunu bildirmişdi. Alimin bu proqnozu çox keçmədən özünü doğrultdu. 1926-cı ildə "Azərneft"in Geoloji Bürosu işləri bərpa etdi və 5 saylı quyu 1000 metr dərinliyə çatanda oradan neft və tərkibində zəngin yod olan su fəvvarə vurdu. Böyük neft yataqları aşkar edildikdən sonra, 1929-cu ildə burada fəhlə və qulluqçular üçün Trest və Qəsəbə adlı yaşayış məntəqəsi salındı. Bu gün Neftçala rayonu ərazisində həm quruda, həm də dənizdə zəngin neft yataqları fəaliyyət göstərir. Quru ərazidə Neftçala, Xıllı və Durovdağ-Babazanan yataqları yerləşir. Dəniz akvatoriyasında isə Atəşgah, Yanan tava, Muğan-dəniz və İnam yataqları ölkənin neft ehtiyatlarının mühüm hissəsini təşkil edir.
