"Neokolonializm və qlobal bərabərsizlik" mövzusunda beynəlxalq konfrans
Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə "Neokolonializm və qlobal bərabərsizlik" mövzusunda beynəlxalq konfrans keçirilib. Tədbirə ilk dəfə müstəmləkə ərazilərinin yerli əhalisi ilə birbaşa yerində işləyən antropoloqlar və psixoterapevtlər, müstəmləkəçiliyə həsr edilmiş Virtual Muzeyin yaradılmasında iştirak etmiş ekspertlər, eləcə də həmin ərazilərdə fəaliyyət göstərən müstəqillik hərəkatlarının rəhbər şəxsləri, həmçinin neokolonializm sahəsində ixtisaslaşmış tədqiqatçılar qatılıb. Konfransda müxtəlif sosial və mədəni kontekstlərdə müstəmləkəyə məruz qalmış xalqların travmatik və sosial təcrübələri, müstəmləkə güclərinin qanunsuz fəaliyyətindən qaynaqlanan struktur problemlər və davam edən bərabərsizlik hallarının birbaşa öyrənilməsi, eləcə də bu təcrübələrin sənədləşdirilməsi, təhlili və beynəlxalq müstəviyə çıxarılması üçün məlumatlara əlçatanlığın təmin olunması məsələləri ətrafında müzakirələr aparılıb. Eyni zamanda, fərdi həyat hekayələrinin sənədləşdirilməsi və bu tipli materialların beynəlxalq platformalarda yayılması, xüsusilə kolonializmin əsarət altında yaşayan xalqlarda yaratdığı travmatik təsirlər və psixoloji nəticələrinin elmi tədqiqat obyekti kimi nəzərdən keçirilməsi məsələləri gündəmə gətirilib.
