Kateqoriyalar
Sırala

Qobustanda qamlama ayini keçirən şaman Tərlan Manafov

Varlıq elə bir bütövdür ki, o yalnız şüurda hissələrə bölünür. Qədim "qamlama" ayini Qobustandakı palçıq vulkanlarını oyadır. Bu, sehirli bir dünyadır. Bu dünyada insan yox, torpağın ruhu danışır. Göz işlədikcə uzanıb gedən çöllükdə boy göstərən palçıq vulkanları və "qamlama" ayini bizə vizuallıqdan çox, ruhun dərinliklərini göstərir. Gözümüzün gördüyü hər şey fotolaşır. Bu varlığı dərk etmək üçün elə bu varlığı şüurumuz hissələrə ayırır: palçıq vulkanları var, şaman var, səsi içimizi titrədən qaval var, ritm var. Bu, sehirdir. Şaman Tərlan Manafovun bizə yaşatdığı sehr. Qobustanın palçıq vulkanları minilliklərin sükutunu qoruyur. Deyirlər ki, hər daşın, hər qayalığın, hər vulkanın öz yaddaşı var. Şaman isə bu yaddaşla danışan adamdır. Əlindəki qavalın ritmi sükutu pozmur, əksinə, torpağın nəfəsinə qarışır. Sanki hər zərbə qədim inanclardan qalan bir çağırışdır. O, sehrli sözləri insanlara deyil, küləyə, torpağa və vulkanların dərinliyində gizlənən sirrə söyləyir. Günəş üfüqdə batarkən Qobustanın boz qayaları bu ayinin səssiz şahidinə çevrilir. Burada zaman dayanır, keçmişlə bu gün arasındakı sərhəd itir. Qavalın səsi isə yalnız eşidilən bir melodiya deyil, yaddaşın, təbiətin və qədim ruhların dili kimi səslənir. Bəlkə də buna görə Qobustanda bəzi yerlər hələ də insanı danışmağa yox, dinləməyə çağırır.

Çəkiliş tarixi: 05 avqust 2026
Şəkillərin sayı: 41
Fotoqraflar:
Ramil Yunus
Ramil Yunus
arrow-up