SOCAR-ın "AÇG-də hasilata dəstək: Yeni yanaşmalar və texnologiyalar" tədbiri
Enerji Dialoqu Platforması çərçivəsində SOCAR və BP-nin birgə təşkilatçılığı ilə noyabrın 13-də media nümayəndələri üçün “AÇG-dən maksimum neftverməyə dəstək – yeni yanaşmalar və texnologiya” mövzusunda məlumatlandırma sessiyası keçirilib. Tədbirdə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunda hasilatın artırılması, mövcud ehtiyatlardan səmərəli istifadə və yeni texnologiyaların tətbiqi məsələləri müzakirə olunub. SOCAR-ın vitse-prezidenti Babək Hüseynov bildirib ki, şirkət AÇG-də son neftvermə əmsalını 40 faizdən yuxarı qaldırmağı hədəfləyir. Onun sözlərinə görə, milyardlarla barel neft ehtiva edən yataq hasilatın pik mərhələsini geridə qoyaraq hazırda təbii tənəzzül dövrünü yaşayır. Buna baxmayaraq, yataqda əhəmiyyətli həcmdə hasil olunmamış ehtiyatlar qalır. Hədəfə çatmaq üçün SOCAR və BP yatağın geoloji quruluşunun, süxurların və rezervuarların xüsusiyyətlərinin öyrənilməsi istiqamətində genişmiqyaslı seysmik tədqiqatlar aparır. Bu çərçivədə təxminən 2 kilometr uzunluğunda üfüqi quyunun qazılması mühüm texnoloji nailiyyət kimi qiymətləndirilir. BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionunda Geologiya və İşlənmə üzrə vitse-prezidenti Dan Sparks isə AÇG-də qazma qurğularının sayının 8-ə çatdırılmasının planlaşdırıldığını bildirib. “Azəri-Mərkəzi-Şərqi” (ACE) platformasının istismara verilməsi ilə onların sayı 6-dan 7-yə yüksəlib. Sualtı əməliyyatlar üçün səkkizinci qurğunun da cəlb edilməsi nəzərdə tutulur. Bununla yanaşı, qazma qurğularından asılı olmayan avadanlıqlar və gəmilər vasitəsilə quyularda əməliyyatların aparılması imkanları genişləndirilib. Nəticədə paralel işlərin həcmi artırılıb. Dan Sparksın sözlərinə görə, son dörd ildə əlavə investisiyalar və yeni texniki imkanlar hesabına bir quyu üzrə iş günlərinin sayı 50 faiz, ümumi əməliyyat həcmi isə eyni nisbətdə artırılıb. SOCAR və BP-nin birgə səyləri AÇG-də hasilatın tənəzzülünü kompensasiya etməyə, mövcud ehtiyatların daha böyük hissəsini hasilata cəlb etməyə və yatağın uzunmüddətli potensialını qorumağa yönəlib.
