WUF13 tədbirinə hazırlıq işlərinə dair brifinq
Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasına (WUF13) hazırlıq prosesinə həsr olunmuş brifinq keçirilib. Brifinqdə çıxış edən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparat rəhbərinin və sessiyanın Milli Koordinatorunun müavini Gülşən Rzayeva bildirib ki, Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) Azərbaycan üçün çox strateji əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, dünyada urbanizasiya sürətlə artır, iqlim dəyişiklikləri baş verir və bu fonda şəhərlər kifayət qədər ciddi çağırışlarla üzləşir. Bu baxımdan forum məhz bu məsələlərə həsr olunacaq. Qlobal səviyyədə şəhərsalma sahəsində olan çağırışlar, iqlim dəyişikliyi fonunda şəhərlərin həll etməli olduğu məsələlər və praktik həll yolları, ölkələrin təcrübələri təqdim olunacaq.
