Mayın 25-i Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilib. DİM-in məlumatına əsasən, imtahanlar Bakı, Xankəndi, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Qazax, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Zaqatala, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Cəlilabad, Masallı, Quba və Xaçmazda təşkil olunub. Xankəndi şəhərində keçirilən imtahan işğaldan azad edilmiş bölgələrdə təşkil edilən ilk qəbul imtahanıdır. İmtahan Qarabağ Universitetində keçirilib. Bu imtahanda Xankəndi ilə yanaşı, Xocalı, Ağdərə, Şuşa və Laçında məskunlaşmış abituriyentlər iştirak ediblər. Bununla yanaşı, Füzulidə M.Uluqbəy adına məktəbin, Cəbrayılda M.Mehdizadə adına məktəbin və Zəngilanda Ağalı kənd tam orta məktəbinin cari il məzunları da qəbul imtahanlarını Xankəndidə veriblər. İmtahanda 51 abituriyentin iştirakı nəzərdə tutulub. Həmin abituriyentlərdən 23-ü oğlan, 28-i isə qızdır.