Xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Mərdəkanda yerləşən bağ evi
Mərdəkanda yerləşən və vaxtilə Bakı milyonçusu, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevə məxsus olan bağ evi XIX əsrin sonlarında inşa edilib. 1893–1895-ci illərdə polyak memar İosif Qoslavski tərəfindən layihələndirilərək tikilən bina həm memarlıq üslubu, həm də tarixi əhəmiyyəti ilə seçilir. Abşeronun iqliminə uyğun şəkildə inşa olunan bu bağ evi geniş eyvanları, hündür tavanları və zərif memarlıq detalları ilə dövrünün estetik baxışını özündə əks etdirir. Hacı Zeynalabdin Tağıyev ömrünün son dörd ilini məhz bu bağ evində keçirib, 1924-cü ildə isə burada vəfat edib. Uzun illər baxımsız qalan bina Heydər Əliyev Fondu tərəfindən əsaslı şəkildə bərpa olunub. Aparılan təmir-bərpa işləri zamanı tikilinin ilkin memarlıq üslubu qorunub saxlanılıb, eyni zamanda onun dayanıqlılığı və funksionallığı təmin edilib.
