38 yaşı olan Natiq Mehbullayevin uşaqlıqdan musiqiyə həvəsi olub. İmkansızlıqdan və ailəsində kimsənin ona dəstək olmaması səbəbindən o öz istəklərinin ardınca gedə bilməyib. Hələ məktəbdə oxuduğu vaxtlardan ağır işlərdə çalışan Natiq Mehbullayev bu yolla ailəsinə dəstək olub. Buna görə də o təhsilini davam etdirə bilməyib. Yağ qabından düzəltdiyi bu gitaranı hazırlamazdan əvvəl o, tikintidə fəhlə işləyirmiş. Natiq Mehbullayevin sözlərinə görə, işlədiyi zaman gözü böyük bir yağ qabına sataşıb. O qərara gəlib ki, həmin qaba səsgücləndirici, “kalonka” və digər şeylər əlavə edərək gitara hazırlasın. Beləliklə, nahar fasiləsində qabı əlinə alaraq onun üzərinə müəyyən əlavələr etməyə başlayıb. Heç bir dəzgahdan istifadə etmədən 2 günə həmin gitaranı ərsəyə gətirib. Natiq Mehbullayev bu aləti hazırladıqdan sonra onu sosial şəbəkədə paylaşıb, lakin düşünüb ki, hər kəs onu təndiq edərək bu təşəbbüsünə görə ona mənfi rəylər yazacaq. Amma gözlədiyinin əksi olub və bu alət hər kəsdə böyük maraq yaradıb. Bu isə Natiq Mehbullayevi daha da həvəsləndirərək onu uşaqlıqdan yarımçıq qalmış arzularına aparıb. O, qısa zaman ərzində məşhurlaşıb, bundan sonra onu toylara dəvət etməyə başlayıblar. Natiq Mehbullayev hazırda fəhlə kimi çalışdığı yerdən çıxıb və musiqi ilə maraqlanır. O bildirib ki, hazırladığı bu alətə görə məşhur teleaparıcı Acun Ilıcalı onu Türkiyəyə -“Yetenek sizsiniz” yarışmasına dəvət edib.