Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodu Azərbaycanda təkrar emal sahəsini inkişaf etdirmək məqsədilə inşa edilib. Zavodda İl ərzində 100 min tona qədər bərk məişət tullantısının çeşidlənməsi mümkündür. Çeşidləmənin aparılması nəticəsində təkrar emal üçün yararlı olan kağız, şüşə, plastik, əlvan metal, dəmir və digər xammallar ayrılır ki, bunun nəticəsində tullantıların ümumi həcmi azalır, ucuz xammal bazarı formalaşır, ölkədə təkrar emal sənayesinin qurulması üçün zəmin yaranır, enerjiyə qənaət olunur və tullantıların ətraf mühitə mənfi təsiri azaldılır. Bundan əlavə, məişətə atılan batareya və akkumulyator kimi təhlükəli tullantılar, o cümlədən bu qəbildən olan elektron tullantılar ümumi kütlədən ayrılaraq düzgün utilizasiya məqsədi ilə aidiyyatı sahələrə göndərilir.