"Neftçi" Peşəkar Futbol Klubu (PFK) ilə "International Holding Company"yə (IHC) məxsus olan "Palms Sports" arasında beşillik sponsorluq müqaviləsi imzalanıb. 2025-2030-cu illəri əhatə edən müqaviləyə əsasən, "Palms Sports" "Neftçi Arena" və "Neftçi" Futbol Mərkəzinin adlandırma hüquqlarını əldə edib. Yeni adlar tərəfdaşların ortaq qərarı ilə müəyyən ediləcək və xəritələr, naviqasiya əlavələri ilə bütün rəsmi platformalarda yenilənəcək. "Neftçi" PFK-nın A komandasının 2025-2030-cu illər arasındakı bütün rəsmi və yoldaşlıq oyunlarında "Palms Sports" loqolarından biri 2025/2026 mövsümünün başlanğıcından etibarən formaların ön tərəfində yer alacaq. Loqolar oyun formalarından əlavə, məşq ləvazimatlarında və azarkeş məhsullarında da istifadə olunacaq. Bu sponsorluq müqaviləsi yalnız "Neftçi" PFK-nın maliyyə davamlılığını artırmayacaq, həmçinin klubun beynəlxalq miqyasda daha çox tanınmasına kömək edəcək. Uzunmüddətli iş birliyi modeli həm brendlər, həm də klub üçün möhkəm təməllər atmağı hədəfləyir. Qeyd edək ki, tədbirdə "Neftçi"nin baş icraçı direktoru Cenk Sümer, klubun İdarə Heyətinin üzvü Emin Əmrullayev və "Palms Ports"un icraçı direktoru Fouad Darviş iştirak ediblər.
Tədbir: Oxu.az