Azərbaycan Milli Xalça Muzeyinin pərdə arxası
Azərbaycan Milli Xalça Muzeyi ölkəmizin ən çox ziyarət edilən aparıcı mədəniyyət ocaqlarından biridir. Hər il on minlərlə insan təkcə Azərbaycan deyil, dünya mədəni irsinin əvəzsiz sənət nümunələri sayılan unikal xalçaları görmək üçün buraya üz tutur. Amma onlar muzeyin ancaq tamaşaçılara açıq olan hissəsini gəzə, ekspozisiya və sərgi salonunda nümayiş etdirilən nadir eksponatları görə bilirlər. Muzeyin qonaqlara bağlı olan Fond, həmçinin Konservasiya, bərpa və profilaktik nəzarət şöbələri isə fərqli bir maraq doğurur. Fond, Konservasiya, bərpa və proflaktik nəzarət şöbələrinin əməkdaşları eksponatların qorunmasını təmin edirlər. Hazırda muzeyin kolleksiyasında 10 mindən artıq eksponat var və onların qorunması vacib məqamlardan biridir. Burada təhlükəsizlik və mühafizənin təşkili muzey sərvətləri və kolleksiyalarının uçotu və mühafizəsinə dair təlimata əsasən həyata keçirilir. Bina siqnalizasiya və müşahidə kameraları ilə təchiz olunub. Mühafizə işinə daxili təhlükəsizlik işçiləri və mühafizə polisinin əməkdaşları nəzarət edirlər. Muzeydə xüsusi diqqət göstərilən məsələlərdən biri saxlanc yerlərində temperatur və rütubət rejiminin lazımi səviyyədə saxlanılması, işıqlandırma və havalandırma sisteminin təlimata uyğun olmasıdır. Muzey baxıcıları ekspozisiyada nümayiş olunan əsərlərin qorunmasına, qonaqların muzey eksponatlarına toxunmamasına bilavasitə nəzarət edirlər. Digər əməkdaşlardan fərqli olaraq, fond işçiləri yüz, hətta min illərlə yaşı olan eksponatlara birbaşa toxuna, onları araşdıra bilir, müxtəlif mənbələrdə onlarla bağlı məlumat axtarır. Muzeydə həmçinin sənət nümunələri əsasən konservasiya edilir, ehtiyac olarsa, üzərində kiçik bərpa işəri aparılır. Yeni alınmış eksponatlara baxış, əsərlərin ekspozisiyada, muzeydaxili və muzeydən kənarda keçirilən sərgilər üçün hazırlanması, qablaşdırılması işi də muzey işçiləri tərəfindən yerinə yetirilir.
