Şirvanşah I Xəlilullahın göstərişi ilə tikilən altı əsrlik karvansara
Bakıdan cənuba doğru uzanan qədim karvan yolunun kənarında altı əsrlik bir tarix yatır. Bu, Şirvanşah I Xəlilullahın göstərişi ilə 1439–1440-cı illərdə inşa edilən Səngəçal karvansarasıdır. Orta əsrlərin ticarət yollarında səyyahların, tacirlərin və karvanların sığınacağı olan bu bina vaxtilə bölgənin ən mühüm dayanacaqlarından biri sayılırdı. Karvansara yaxınlıqdakı çaydan və iki qədim ovdandan gələn su ilə təmin edilirdi. XIX əsrdə bu əraziyə səfər edən rus şərqşünası İlya Berezin Səngəçal karvansarasını “təmiz suyu olan yeganə yer” kimi qeyd etmişdi. Zaman keçdikcə karvan yolları əhəmiyyətini itirdi və XIX əsrdə karvansara fəaliyyətini dayandırdı. Hazırda tikili baxımsız vəziyyətdədir. Əgər əsaslı bərpa işləri aparılmazsa, altı əsrlik Səngəçal karvansarası çox uzaq olmayan bir gələcəkdə tarixdən silinə bilər.
