Kəlbəcər rayonunda yeni çəkilən yol
Kəlbəcər rayonu əsaslı şəkildə yenidən qurulur. Burada görülən kompleks işlərin başında isə yol infrastrukturu dayanır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) burada yeni yol çəkir. Asfalt örtüyünün eni 7 metrdən 9 metrə, yol yatağının eni isə 15 metrə qədər genişləndirilir. Tikilməkdə olan yolun uzunluğu 38 kilometrdir. Bu yolda 6 körpü, 82 suötürücü boru və 3 avtobus dayanacağı nəzərdə tutulub. Kəlbəcərdə bu işlərə 1 il 4 aydır başlanılıb. İşi ləngidən və çətinləşdirən əsas məqam isə yol yatağına düşən qayaları dağıtmaqdır. Yol çəkilişi zamanı çay yatağının (Tərtər çayı) maneəsi çox olduğu üçün çay yatağına zərər verilmədən dağlar və qayalar yarılır. Dağlar əsasən partlayıcı vasitələrlə dağıdılır. Oradan çıxan qırıntılardan isə xırdalanmış şəkildə yol yatağında istifadə edilir. Çay yatağının hər hansı bir yerində uçqun yaranma ehtimalı varsa, orada stinad divarları tikilir. Bununla yanaşı, dağ yatağının uçqun yerlərində də daş divarlar hörülür. Yol Ağdərənin Heyvalı kəndindən Kəlbəcərə - Vəng dairəsinə qədər məsafəni əhatə edir.
