Çinin Azərbaycandakı yeni fövqəladə və səlahiyyətli səfiri Lu Meyin mətbuat konfransı
Aprelin 28-də Çinin Azərbaycandakı yeni fövqəladə və səlahiyyətli səfiri Lu Meyin mətbuat konfransı keçirilib. Səfir bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin aprelin 22-24-də Çinə dövlət səfəri iki ölkə arasında münasibətlərin inkişafı üçün tarixi hadisədir. Çin Azərbaycanı suverenlik, ərazi bütövlüyü, həmçinin təhlükəsizliyinin müdafiəsi məsələsində qətiyyətlə dəstəkləməyə davam edəcək. Lu Mey vurğulayıb ki, Prezident İlham Əliyev artıq 7 dəfə Çinə səfər edib. Çinin sədri Si Cinpin onunla artıq 10-dan çox görüş keçirib. İki dövlət başçısı arasında yaxşı işgüzar əlaqələr qurulub, dostluq münasibətləri möhkəmlənib. Məhz iki dövlət başçısının strateji rəhbərliyi altında Çin-Azərbaycan münasibətləri tarixin ən yüksək səviyyəsinə yüksəlib. O, səfərin əsas məqamlarını 5 açar sözlə ümumiləşdirib: "İlk açar söz artımdır. İkincisi, dəstəkdir. Üçüncü söz əməkdaşlıqdır. Səfər zamanı iki ölkənin dövlət başçıları ədliyyə, iqtisadiyyat və ticarət, nəqliyyat, aerokosmik, elm və texnologiya, mədəniyyət, viza rejiminin ləğvi və "Bir Kəmər və Yol" layihəsinin birgə təşviqi üzrə sənədlər imzaladılar. Dördüncü açar söz dostluqdur. Beşinci açar söz isə gələcəkdir. Yəni Çin-Azərbaycan dostluq münasibətləri bundan sonra da nəsildən-nəslə ötürülərək inkişaf edəcək. Çin-Azərbaycan hərtərəfli strateji tərəfdaşlığının geniş və böyük perspektivləri var. Çin və Azərbaycanın dövlət başçılarının sənədləri həyata keçirmək və ikitərəfli münasibətlərin inkişafına kömək etmək üçün səylərini əsirgəmirlər".
