FHN-in şəhid övladları üçün keçirdiyi “açıq qapı" günü
Fövqəladə Hallar Nazirliyi (FHN) şəhid övladları üçün 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “açıq qapı” günü tədbirləri keçirib. Tədbir Fövqəladə Hallar Nazirliyinin Akademiyasında təşkil olunub. Tədbirdə şəhid ailələrinin üzvləri, FHN-in, yerli icra hakimiyyəti və müvafiq qurumların məsul əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər. Uşaqlar Akademiyanın Heydər Əliyev Mərkəzinin fəaliyyəti ilə tanış olub, konfrans zalı, fənn kabinetləri və kitabxanaya baş çəkiblər. “Açıq qapı" günündə uşaqlara nazirliyin xilasediciləri və yanğınsöndürənləri yanğın-xilasetmə texnikası və avadanlıqları təqdim edib, xilasedicilərin gündəlik iş fəaliyyəti barədə məlumat verib, uşaqların suallarını cavablandırıblar. Tədbir FHN-in İdman-sağlamlıq klubunun bazasında bədii hissə və klubun idmançılarının nümunəvi çıxışı ilə davam etdirilib. Sonda uşaqlara hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.
