Beynəlxalq səyyahların Kəlbəcər səfəri
Qarabağ və Şərqi Zəngəzura səfər çərçivəsində MTP ("Most Traveled People") beynəlxalq səyyahlar klubunun üzvləri Kəlbəcərdə olublar. Qonaqlar Ermənistanın işğalı dövründə törədilmiş dağıntılarla tanış olublar. Səyyahlara şəhərdə aparılan genişmiqyaslı tikinti-bərpa işləri, o cümlədən yeni infrastruktur obyektlərinin, yaşayış evlərinin və ictimai binaların tikintisi haqqında ətraflı məlumat verilib. Səfər zamanı iştirakçılar İstisuya gedib, burada şəfalı xüsusiyyətləri ilə tanınan İstisu mineral bulaqları ilə tanış olublar. Heyətin 30 nəfərdən ibarət olan üzvləri 3 gün ərzində Füzuli - Xocavənd - Şuşa - Xankəndi - Xocalı - Ağdam - Kəlbəcər - Laçın - Zəngilan - Cəbrayıl marşrutu üzrə səyahət etməyi planlaşdırırlar. Səfərin məqsədi işğaldan sonra bərpa edilmiş ərazilərlə, həmçinin regionda aktiv şəkildə aparılan genişmiqyaslı tikinti işlərinin gedişatı ilə tanışlıqdır.
