Kateqoriyalar
Sırala
ID 0120490

62 yaşlı kran operatoru Sifay Kərimova

Bakı Dərin Özüllər Zavodunda çalışan 62 yaşlı Sifay Kərimova artıq 23 ildir ki qaldırıcı kran operatoru kimi fəaliyyət göstərir. O, SOCAR-ın törəmə müəssisəsi olan “BOS Şelf” şirkətinin əməkdaşıdır. Əslən Sabirabaddan olan Sifay Kərimova illərdir ağır yükləri kranla qaldırsa da, onun çiyinlərinə düşən həyat yükü daha ağır olub. Gənc yaşlarında həyat yoldaşını itirən Sifay Kərimova bu hadisədən sonra övladını tək böyütmək məcburiyyətində qalıb və ailəsini dolandırmaq üçün kran operatoru peşəsini öyrənib. Beləcə, həyat yoldaşının vaxtilə çalışdığı işi davam etdirməyə qərar verib. Sifay Kərimova üçün iş saatı 07:30-da başlayır. Əvvəlcə bütün kollektiv toplanır və gündəlik tapşırıqlar verilir. Daha sonra krana qalxan Sifay Kərimova siqnalçının göstərişi ilə işə başlayır. İş saatı isə 16:25 də yekunlaşır. Onun sözlərinə görə, bu iş məsuliyyət və diqqət tələb edir, çünki kiçik bir səhv ciddi nəticələrə səbəb ola bilər. Heç vaxt çətinliklərə boyun əyməyən Sifay Kərimova hesab edir ki, qadın həm zərif, həm də güclüdür və istədiyi təqdirdə hər bir işin öhdəsindən gələ bilər. Bununla yanaşı, Sifay Kərimova yeganə qızının da bu peşəni davam etdirməsini arzulayır, çünki o, işinə olan sevgisini övladına da aşılayıb. Bu gün Sifay Kərimova yalnız kran operatoru deyil, həm də əzmkarlığı və qətiyyəti ilə nümunə olan Azərbaycan qadınlarından biridir.

Digər fotolar
arrow-up