Kateqoriyalar
Sırala
ID 0120961

Horadiz-Ağbənd dəmir yolu ilə yüklərin daşınmasına başlanıb

Horadiz-Ağbənd dəmir yolu xətti vasitəsilə Araz İqtisadi Zonası Sənaye Parkına yüklərin daşınmasına start verilib. Ümumi uzunluğu 110,4 kilometr olan dəmir yolu xətti yan yollarla birlikdə 140,6 kilometrdir. Layihə çərçivəsində 9 stansiya, 9 körpü, 26 avtomobil keçidi, 3 qalereya, 4 tunel və ümumilikdə 500-dən çox mühəndis qurğularının tikintisi həyata keçirilir. Ox üzrə 60 metr enində minatəmizləmə işləri başa çatdırılıb. Tikinti-quraşdırma işləri 3 mərhələdə həyata keçirilir. Birinci mərhələdə işlərin böyük hissəsi tamamlanıb, artıq dəmir yolu xətti vasitəsilə Araz İqtisadi Zonası Sənaye Parkına yüklərin daşınması həyata keçirilir. Hazırda 2 və 3-cü mərhələ üzrə torpaq işləri və mühəndis qurğularının tikintisi həyata keçirilir. Layihənin ikinci mərhələsi üzrə təbii relyef Xudafərin hidroqovşağının maksimal qalxma səviyyəsindən aşağıda yerləşdiyinə görə dəmir yolunun Xudafərin hidroqovşağının suyundan qorunması üçün əlavə körpülər tikilib. 3-cü mərhələ üzrə torpaq işləri və mühəndis qurğuları, o cümlədən 3 ədəd tunelin inşası davam edir. Tunellərdən 2-si qapalı, 1-i isə açıq üsulla inşa edilir. Qapalı üsulla inşa edilən tunellərdə qazma işləri yekunlaşdırılıb, dəmir-beton işləri bitmək üzrədir. Açıq üsulla inşa edilən tuneldə isə beton-suvaq işləri sürətlə davam etdirilir. Horadiz-Ağbənd dəmir yolunun ox üzrə 75,6 km hissəsində rels-şpal çərçivələri quraşdırılıb. Dəmir yolu xəttinin layihələndirilməsi işlərinin 84 %-i, tikinti-quraşdırma işlərinin isə 67 %-i başa çatdırılıb. Horadiz–Ağbənd dəmir yolunun tikintisinin 2026-cı ildə tam başa çatdırılması planlaşdırılır.

Teqlər
Digər fotolar
arrow-up