Kateqoriyalar
Sırala
ID 0123974

Özünəməxsus üslubu ilə seçilən tar ustası Fəxrəddin Cəfərov

35 yaşlı tar ustası Fəxrəddin Cəfərov 6 ildir ki, bu sənətlə məşğuldur. 2007-ci ildə Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasını bitirən tar ustası Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin emalatxanasında çalışır. Öz yeniliklərini tətbiq edərək bu sənətlə məşğul olan Fəxrəddin Cəfərov yaxşı tar düzəldə bilmək üçün əvvəlcə tar ifaçısı olmağın zərurətini vurğulayır. Gənc tar ustasının ən böyük arzusu işğaldan azad olmuş şəhərlərdə musiqi alətləri emalatxanalarının fəaliyyət göstərməsi və gənc ustaların yetişməsidir. O, Qarabağda yetişən ağaclardan yonulan alətlərin yüksək keyfiyyətə sahib olduğunu qeyd edir. Bir tarı hazırlamaq üçün ümumilikdə 1 il vaxt lazımdır. Tar kəllə, qol və çanaq olmaqla 3 hissədən ibarətdir. Bu alətin hazırlanması üçün müxtəlif ağaclardan istifadə olunsa da Fəxrəddin Cəfərovun fikrincə, ən yaxşı tarın kəllə və qol hissəsi qoz, çanaq hissəsi isə tut ağacından hazırlanır. Ağac xüsusi dəzgahla kəsildikdən sonra oyma aləti ilə oyulur və qurumaq üçün günəş işığı düşməyən yerə qoyulur. Quruma prosesi bitdikdən sonra tarın digər hissələri birləşdirilir. Daha sonra alət üzlənir, pərdələr və simlər yerləşdirilir. Tarın çanaq hissəsində olan pərdə isə inəyin ürək pərdəsindən hazırlanır. 

Digər fotolar
arrow-up