Bakıda keçirilən Azərbaycan Halal Biznes Forumu
Oktyabrın 7-də Bakıda Azərbaycan Halal Biznes (AZHAB) Forumu öz işinə başlayıb. Forum İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə baş tutur və "Sürətlə dəyişən dünyada halal sənaye dayanıqlılığın mənbəyi kimi" mövzusuna həsr olunub. İki gün davam edəcək forumun məqsədi investisiya və ticarət sahəsində yeni əməkdaşlıqların qurulmasına, fikir və təcrübə mübadiləsinə töhfə vermək, Azərbaycana xarici sərmayələrin cəlb edilməsini təşviq etməkdir. Forumda yerli və xarici ölkələrdən olan aidiyyəti qurumların nümayəndələri, sahə üzrə ekspertlər, akademik dairələr, sahibkarlar və beynəlxalq təşkilatların nümayəndələri bir araya gələcək. "AZHAB Forumu 2025" konfrans və sərgi olmaqla iki hissədən ibarət olacaq. Konfrans çərçivəsində halal sənayenin ənənəvi sahələri, o cümlədən maliyyə və turizm mövzuları, halal biznesin idarəolunması, yaşıl keçid, biznesdə qadınların rolu və digər yeni istiqamətlər müzakirə ediləcək. Forumun sərgi hissəsində isə Azərbaycandan və xarici ölkələrdən olan şirkətlərin istehsal etdiyi məhsul və xidmətlər nümayiş olunacaq.
