Kateqoriyalar
Sırala
ID 0127000

Gəncə Memorial Kompleksi

Gəncə Memorial Kompleksi 44 günlük Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin raket hücumları nəticəsində həyatını itirmiş Gəncə sakinlərinin xatirəsinin əbədiləşdirilməsi istiqamətində inşa edilib. Təməli 30 yanvar 2022-ci il tarixində Prezident İlham Əliyev tərəfindən qoyulan Gəncə Memorial Kompleksi raket zərbələrinə məruz qalmış mülki yaşayış binalarının yerləşdiyi ərazidə yaradılıb. Kompleksin açılışı sentyabrın 27-də - Anım Günündə dövlət başçısının iştirakı ilə baş tutub. Konsepsiyası Böyük Britaniyanın nüfuzlu “Chapman Taylor” şirkəti, tikinti layihəsi isə “Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutu tərəfindən hazırlanmış kompleks unikal memarlıq üslubunu özündə əks etdirən muzey binasından, estetik cəhətdən gözəl və funksional landşaft həllərindən ibarətdir. Memorial abidə 12 metr dərinliyə qədər enməsi nəzərdə tutulmuş spiralvari formada, hadisənin dəhşətlərini əks etdirən bədii obrazda və minimalizm üslubunda layihələndirilib. Kompleks ərazisində yerləşən muzey binası gələn qonaqların ətraflı məlumatlandırılmasına xidmət göstərəcək, törədilmiş faciənin işıqlandırılmasında xüsusi rol oynayacaq. Raket zərbələri nəticəsində dağıdılmış yaşayış binalarının qalıqlarının və izlərinin saxlanılacağı hissə isə açıq hava altında kompleksin davamı kimi nəzərdə tutulub.

Digər fotolar
arrow-up