Dördqat dünya çempionu, paraatlet Lamiyə Vəliyeva
23 yaşlı dördqat dünya çempionu, "Paris-2024" Yay Paralimpiya Oyunlarında qızıl medal qazanan azərbaycanlı paraatlet Lamiyə Vəliyeva artıq 10 ildir ki, peşəkar şəkildə yüngül atletika, xüsusilə də sprint növü ilə məşğuldur. Uşaqlıq illərindən idmana böyük həvəs göstərən Lamiyənin bu potensialını ailəsi erkən yaşlarından hiss edib. Onun idmana yönəlməsində babasının rolu xüsusi olub. Lamiyə ilk olaraq voleybolla məşğul olmağa başlasa da, zamanla komanda oyunlarının onun xarakterinə uyğun olmadığını anladığı üçün fərdi idman növlərinə yönəlib. Nəticədə sürətli qaçış bacarığı onu yüngül atletikaya gətirib. Lamiyə Vəliyevanın sözlərinə görə, idman ona yalnız fiziki güc deyil, həm də nizam-intizam, məqsədyönlülük və güclü xarakter qazandırıb. İdmanın onun üçün həyat tərzinə çevrildiyini deyən dünya çempionunun fikrincə, qaçış azadlıq, özünü ifadə etmə üsulu və ən böyük motivasiyadır.
