Qarabağın əzəmət simvolu olan Şuşa qalası
Ölkə əhəmiyyətli memarlıq abidəsi olan Şuşa qalasının əsası 1752-ci ildə I Qarabağ xanı Pənahəli xan Cavanşir tərəfindən qoyulub. Bir çox fraqmentləri günümüzə qədər gəlib çatan qala uzun illər Şuşanı yadelli işğalçıların hücumlarından müdafiə etmək məqsədi daşıyıb. 1795-ci ildə Qacarlar dövlətinin şahı Ağa Məhəmməd şah Qacar 80 minlik ordu ilə şəhəri 1 ay mühasirədə saxlamasına baxmayaraq qala divarlarına görə Şuşanı işğal edə bilməyib. Şuşa qalası bu gün də öz təyinatına görə aktuallığını qoruyub saxlayır. 44 günlük Vətən müharibəsində Şuşanı azad edən Azərbaycan əsgərləri sonradan düşmənin əks hücumunun qarşısını alarkən həm də qalaya sığınıblar. Şuşa şəhəri işğal altında olduğu dövrdə qala dağıntılara məruz qalıb, şəhər azad edildikdən sonra isə böyük hissəsi bərpa edilib.
