Kateqoriyalar
Sırala
ID 0135714

20 Yanvarla bağlı fotoşəkillərdən arxiv yaradan fotoqraf Mirnaib Həsənoğlu

Azərbaycan Fotoqraflar Birliyinin təsisçilərindən olan fotoqraf Mirnaib Həsənoğlu 20 Yanvar faciəsi ilə bağlı çəkilmiş fotoşəkillərdən ibarət unikal arxiv yaradıb. O, faciə günlərində hadisələri işıqlandıran fotoqrafların əl işlərini illər ərzində toplayıb, 20 Yanvar dönəmində bu arxiv əsasında sərgi təşkil edir. 2010-cu ildən etibarən formalaşdırılan arxivdə həmin dövrdə fəaliyyət göstərmiş təxminən on fotoqrafın əsəri yer alır, bu günə qədər isə 800-ə yaxın fotoşəkil toplanıb. Layihənin əsas məqsədi 20 Yanvar hadisələri zamanı tarixi anları qeydə alan fotoqrafların tanınması, onların əməyinin unudulmamasıdır. Mirnaib Həsənoğlu bildirir ki, faciə ilə bağlı çəkilmiş fotoların təxminən 65 faizinin neqativi məhv olub və həmin müəlliflərin bir çoxu artıq dünyasını dəyişib. Məhz bu səbəbdən mövcud materiallar rəqəmsallaşdırılaraq qorunur və gələcək nəsillərə ötürülür. Onun sözlərinə görə, bu təşəbbüsün məqsədlərindən biri də tarixlə bağlı yaddaşın itməsinin qarşısını almaqdır. Həmin dövrdə özü də müxtəlif kadrlar çəkən fotoqraf qeyd edir ki, bu fotoşəkillərin hər biri sənədli informasiya xarakteri daşıyır.

Digər fotolar
arrow-up