Boks üzrə Azərbaycan çempionatı
Yanvarın 22-də boks üzrə Azərbaycan çempionatına start verilib. Boks Mərkəzində yeddi gün davam edəcək çempionata respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 33 komandanın 166 boksçusu qatılıb. Bu yarışda mükafat qazanan idmançılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər. Çempionatın baş hakimi Anar Babanlı, supervayzeri Əlcəzairdən olan Sid Ali Mokretaridir. Döyüşləri yerli referilərlə yanaşı, xarici ədalət təmsilçiləri də idarə edəcəklər. Hakimlərin - Başir Abbar (Mərakeş), Manuel Vilerino (Argentina), Luka Vadilinqa (Braziliya), Mariya Kavakliyeva (Bolqarıstan) və Kalero Vilfredo Vaskesin (Kuba) - dünya çempionatı və Yay Olimpiya Oyunları təcrübələri var.
