Kateqoriyalar
Sırala
ID 0138481

26 fevral gecəsindən bəri anasından xəbər ala bilməyən Xocalı şahidi Faiq Səlimov

1992-ci ilin 26 fevral gecəsi Xocalı şahidi Faiq Səlimovun yaddaşında ən soyuq gün kimi qalıb. Hadisə zamanı 27 yaşı olan Faiq Səlimov illər keçsə də, həmin dəhşətli gecəni unuda bilmədiyini deyir. Orada qaynaqçı olaraq işləyən Xocalı şahidinin sözlərinə görə, fevralın 25-dən 26-na keçən gecə qəfil yaxınlaşan təhlükə səbəbindən ailə üzvləri - həyat yoldaşı, iki uşağı, anası, qardaşı və qardaşının həyat yoldaşı ilə birgə Ağdama doğru yola düşüblər. Şaxtalı qış gecəsində yola çıxan insanlar, xüsusilə yaşlılar yeriyə bilmədikləri üçün bir evin zirzəmisində gizləniblər.  Erməni silahlılarının yaxınlaşdığını gördükləri üçün yaşlıları həmin zirzəmidə qoyub yollarına davam etmək məcburiyyətində qalıblar. Faiq Səlimov deyir ki, anasını son dəfə həmin gecə görüb və ondan bir daha xəbər ala bilməyib. Qarlı meşə ilə Ağdama doğru yola düşən sakinlər Milli Qəhrəman Əlif Hacıyevin köməyi ilə meşəni bir günə keçə biliblər. Xocalı şahidi xatırlayır ki, Ağdamın Şelli kəndinə doğru irəliləyərkən ermənilərin hücumuna tuş gəliblər. Bu zaman çoxları ilə birlikdə Əlif Hacıyev də şəhid olub. Faiq Səlimov hələ də o gecənin təsirindən çıxa bilmədiyini deyir. Anasından xəbər ala bilməməsi, əmilərinin və əmisinin övladlarının şəhid olması onun yaddaşında dərin iz buraxıb. Ailəsi ilə birgə əvvəlcə Ağdama, daha sonra isə Bakıya gəlib. Bakıya qayıtdıqdan sonra o, peşəsini davam etdirərək övladlarını böyüdüb. 1992-ci ilin mart ayından Pirşağıda məskunlaşan ailəsi ilə birlikdə yeni həyatlarına çox çətin öyrəşsələr də, doğma torpaqlarının işğaldan azad edildiyini eşidəndə sevinclərinin həddi-hüdudu olmayıb. Faiq Səlimov üçün Xocalıya qayıtmaq həm arzu, həm də ümid olub. Onun kiçik qardaşı isə artıq doğma yurd-yuvalarına qayıdıb. O da fürsət tapdıqca Xocalıya getdiyini söyləyir. İşğaldan azad olunmuş yurdunu ziyarət edəndə ilk olaraq qəbiristanlığa gedib, atasının məzarına baş çəkib. Deyir ki, 34 ildir hər fevral ayı gələndə ürəyini qəribə bir hüzn və nisgil bürüyür, xatirələri yenidən canlanır. Bütün bunlara baxmayaraq Faiq Səlimov doğma el-obasına qayıdacağı günü səbirsizliklə gözləyir və hər addımda Xocalıya bir az daha yaxınlaşdığını hiss edir.

Teqlər
Digər fotolar
arrow-up