"Vergi sistemində gələcəyə baxış: yeni idarəetmə modeli və data əsaslı qərarlar" forumu
"Vergi sistemində gələcəyə baxış: yeni idarəetmə modeli və data əsaslı qərarlar" mövzusunda forum keçirilib. Forumda baş nazirin müavini Samir Şərifov, iqtisadiyyat naziri Mikayıl Cabbarov, Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli və digər rəsmilər iştirak ediblər. Tədbirin məqsədi vergi sistemində yeni idarəetmə modellərinin, rəqəmsal həllərin və data əsaslı qərarvermə mexanizmlərinin müzakirəsi, həmçinin vergi qanunvericiliyində aparılan dəyişikliklər və vergi inzibatçılığında müasir yanaşmaların təqdim edilməsidir. Forumda çıxış edən baş nazirin müavini Samir Şərifov bildirib ki, bu gün dünyada gedən proseslər fonunda iqtisadi qərarların qəbulu əvvəlki dövrlərlə müqayisədə daha mürəkkəb və çoxölçülü xarakter daşıyır. Onun sözlərinə görə, qlobal iqtisadiyyatda qeyri-müəyyənliklərin artması, geosiyasi risklər, enerji bazarlarında volatillik və maliyyə axınlarının dəyişkənliyi dövlətlər qarşısında yeni çağırışlar formalaşdırır. İqtisadiyyat naziri Mikayıl Cabbarov isə qeyd edib ki, son illərdə həyata keçirilən dəyişikliklər vergi sisteminin səmərəliliyinin artırılmasına, şəffaflığın genişlənməsinə və vergi ödəyiciləri ilə dövlət arasında etimadın güclənməsinə yönəlib. Onun sözlərinə görə, aparılan islahatların əsas məqsədlərindən biri vergi ödəyicilərinin dövlətə olan inamının artırılması və onların fəaliyyətində müsbət dəyişikliklərin təşviq edilməsidir.
