Kateqoriyalar
Sırala
ID 0139633

Boccia idman növü üzrə dünya ikincisi Sona Ağayeva

1993-cü ildə Sabirabadda dünyaya gələn Sona Ağayeva üçün həyat elə də asan başlamayıb. Həkimlərin qoyduğu serebral iflic diaqnozu onun yolunu müəyyənləşdirməli idi. Lakin o, bu diaqnozla barışmaq əvəzinə, taleyini özü yazmağa qərar verib. 2015-ci ildə peşə öyrənmək məqsədilə Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan Şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzinə üz tutub. Burada xalça toxumağı öyrənib. Daha sonra Boccia İdman Federasiyasının vitse-prezidenti və baş məşqçi İlham Məhərrəmovun dəstəyi ilə boccia idman növü ilə tanış olub və bu sahədə özünü sınamağa qərar verib. Artıq on ildir ki, Sona Ağayeva boccia ilə məşğuldur. Bu illər ərzində o, doqquz dəfə Azərbaycan çempionu olub. Onun sözlərinə görə, bu idmanda irəliləmək üçün ən böyük motivasiya ilk yarışında qazandığı birincilik olub. 2022-ci ildən etibarən idmançı ondan çox ölkədə keçirilən yarışlarda iştirak edib və beynəlxalq turnirlərdə üç qızıl, dörd gümüş, bir bürünc medal qazanıb. Portuqaliyada keçirilən Boccia üzrə Dünya Kubokunda qazandığı gümüş medal isə həyatında xüsusi yer tutur. Onun fikrincə, idmançı üçün ən böyük xoşbəxtlik çəkdiyi zəhmətin nəticəsini görməkdir. Boccia onun həyatında yalnız idman uğurları gətirməyib. Sona Ağayeva deyir ki, bu idman növü ona özünə inam qazandırıb, cəmiyyətə daha rahat inteqrasiya etməsinə kömək edib. Bu gün özünü daha sərbəst və inamla ifadə edə bilməsini də məhz boccia ilə bağlayır. Hazırda o, qarşıdakı Avropa və Dünya çempionatlarına, həmçinin Dünya Kuboku yarışlarına hazırlaşır. Məqsədi isə Azərbaycanı beynəlxalq arenada daha böyük uğurlarla təmsil etməkdir. Sona Ağayeva xüsusilə qadınlara müraciət edərək onların təhsil almasının vacibliyini vurğulayır. O, özü təhsil ala bilmədiyi üçün bu mövzunun onun üçün daha həssas olduğunu deyir. Onun fikrincə, savadlı qadın sağlam gələcək və düzgün formalaşan cəmiyyət deməkdir. 8 Mart Beynəlxalq Qadınlar Günü ilə bağlı ən böyük arzusu isə Azərbaycan qadınlarını güclü görməkdir. Onun üçün güclü qadın anlayışı öz ayaqları üzərində dayana bilən, həyatın çətinliklərinə baxmayaraq irəliyə doğru addımlayan qadındır. Elə onun özü kimi.
 

Digər fotolar
arrow-up