Kateqoriyalar
Sırala
ID 0140372

Azərbaycan Rəssamlar İttifaqının üzvü olan oymaçı Azər Əsədov

59 yaşlı oymaçı Azər Əsədov sənət yoluna əvvəlcə rəssamlıqla başlasa da, 1982-ci ildən etibarən özünü tamamilə oyma sənətinə həsr edib. Onun ilk əl işi taxtadan hazırladığı Qız Qalasının maketi olub və bu, gələcək yaradıcılığının əsasını qoyub. Daha sonra bu sahə üzrə texniki peşə məktəbində təhsil alaraq peşəkarlığını inkişaf etdirib. Azər Əsədov 2001-ci ildən fəaliyyət göstərən emalatxanasını da öz əlləri ilə inşa edib. O bildirir ki, ağac üzərində işləmək onun üçün sadəcə sənət deyil, eyni zamanda bir növ daxili rahatlıq və istirahətdir. Sənətinin sirlərini paylaşmağı missiya sayan usta həm də Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin Peşə-Əmək Reabilitasiya Mərkəzində bədii oyma üzrə mentor vəzifəsində çalışır. Burada o, reabilitasiya keçən uşaqlara və gənclərə ağac üzərində oyma sənətinin incəliklərini öyrədir. Onun fikrincə, bu sənət həmin gənclər üçün həm əlçatan, həm də terapevtik təsirə malikdir. Azər Əsədovun yaradıcılığı yalnız yerli sərgilərlə məhdudlaşmır. O, müxtəlif beynəlxalq sərgilərdə iştirak edərək İtaliya, Belçika, Rusiya və Səudiyyə Ərəbistanı kimi ölkələrdə Azərbaycanı uğurla təmsil edib. Azərbaycan Rəssamlar İttifaqının üzvü olan Azər Əsədov bu gün həm sənəti, həm də yetişdirdiyi şagirdlərlə ağac oymaçılığının yaşamasına və inkişafına töhfə verməkdə davam edir.

Digər fotolar
arrow-up