Kateqoriyalar
Sırala
ID 0140394

21 mart – Beynəlxalq Daun Sindromu Günü

Martın 21-i Beynəlxalq Daun Sindromu Günüdür. 2011-ci ildə BMT Baş Məclisi tərəfindən bu günün təsis edilməsində əsas məqsəd cəmiyyətin diqqətini Daun sindromlu şəxslərin problemlərinə çəkmək, maarifləndirmə tədbirlərinin keçirilməsinə şərait yaratmaqdır. Azərbaycanda Daun sindromlu şəxslərin reabilitasiyası və sosial inteqrasiyası istiqamətində müxtəlif müəssisələr və təşkilatlar fəaliyyət göstərir. "Qayğı - Sağlam Nəsil Naminə" İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzi 2013-cü il oktyabrın 7-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə istifadəyə verilib və açılışında ölkənin Birinci xanımı Mehriban Əliyeva şəxsən iştirak edib. Ümumi sahəsi təxminən 7300 kvadratmetr olan bu kompleks təkcə reabilitasiya mərkəzi deyil, burada uşaqlar üçün tam bir inkişaf mühiti qurulub. Mərkəzdə 5 yaşdan yuxarı şəxslər üçün ikinövbəli fəaliyyət təşkil olunur. 5-10 yaş arası uşaqlar üçün birinci, 10 yaşdan yuxarı olanlar üçün isə ikinci növbədə təlim keçilir. Gün ərzində onların fəaliyyəti xüsusi hazırlanmış proqram əsasında qurulur. Uşaqlar mərkəzə rəsmi sənədləşmə əsasında qəbul olunur, əvvəlcə pediatr müayinəsindən keçirilir, daha sonra psixoloji diaqnostika aparılır. Bu qiymətləndirmələr əsasında hər bir uşağın fərdi inkişaf planı müəyyənləşdirilir və onların dərslərdə iştirakı məhz bu yanaşma ilə təmin olunur. Günün sonunda isə uşaqlar yemək fasiləsindən sonra valideynlərinə təhvil verilir. Mərkəzdə pediatr, stomatoloq, psixoloq və loqoped xidmətləri mövcud olmaqla yanaşı, uşaqlara rəsm, rəqs, heykəltaraşlıq, tikiş, əmək, idman və musiqi dərsləri də öyrədilir. Burada, həmçinin müxtəlif ixtisaslaşmış otaqlar fəaliyyət göstərir. Məsələn, loqoped və psixologiya kabinetləri, kompüter və tədris otaqları, məktəbəqədər hazırlıq bölməsi, idman zalı və üzgüçülük hovuzu, kino və teatr zalları mövcuddur. Görünən odur ki, bu qurumun əsas məqsədi sağlamlıq imkanları məhdud şəxslərin reabilitasiyası ilə yanaşı, onların cəmiyyətə tam inteqrasiyasını təmin etməkdir. Mərkəzdə onlarla, hətta yüzlərlə uşaq qeydiyyatdadır. Burada çalışan pedaqoqlar, psixoloqlar və loqopedlər hər bir uşağa fərdi yanaşırlar. Mərkəzin fəaliyyət istiqaməti yalnız uşaqlarla kifayətlənmir. Valideynlər də diqqətdən kənarda qalmırlar. Onlar üçün mütəmadi olaraq seminarlar və maarifləndirici görüşlər təşkil olunur. Məqsəd uşaqlarla yanaşı, ailələri də bu prosesə hazırlamaqdır. Bundan əlavə, uşaqlar dövlət tərəfindən də daim diqqət mərkəzində saxlanılır. Hər il onlar üçün ekskursiyalar təşkil olunur, valideynləri ilə birlikdə sanatoriyalara göndərilirlər. Daun sindromlu uşaqların həm fərdi inkişafı, həm də cəmiyyətə inteqrasiyası məqsədilə hərtərəfli xidmət göstərən bu mərkəz uşaqlar və onların ailələri üçün davamlı dəstək və inkişaf mühiti təmin edir.

Teqlər
Digər fotolar
arrow-up