Kateqoriyalar
Sırala
ID 0140613

Quba şəhərində yerləşən Cümə məscidi

Zəngin memarlıq üslubuna malik olan Quba şəhərindəki Cümə məscidi 1802-ci ildə Qazı İsmayıl əfəndinin maddi yardımı ilə tikilib. 1792-ci ildə inşaat işlərinə başlanılan binanın tikintisi müəyyən fasilələrlə on ilə başa çatdırılıb. Məscid və onun nəzdində olan mədrəsə 1924-cü ilədək fəaliyyət göstərib. Sovet dövründə digər dini məkanlar kimi onun da fəaliyyəti qadağan edilib. 1933-cü ildə mədrəsə və minarə, sonralar isə digər tikililər dağıdılıb. Məscidin dağıdılacağını bilən rayon əhalisi gecə ilə buraya dəyirman daşları və buğda gətirərək məscidi dəyirmana çevirib ki, ibadət ocağı dağıdılmasın. Bir müddətdən sonra anbar kimi istifadə olunan binada daha sonra xalça muzeyi fəaliyyət göstərib. Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra tikili yenidən dini qurum kimi fəaliyyətə başlayıb. Yerli əhəmiyyətli memarlıq abidəsi olan məscidin daxildən hündürlüyü 18 metr, sahəsi isə 360 kvadratmetrdir. Məscidin tikintisində istifadə olunan zığ kərpiclər rayonun 8-10 kilometrliyində yerləşən İqrığ kəndində hazırlanıb. Deyilənə görə, Quba camaatı həmin kənddən kərpicləri əlləri ilə bir-birinə ötürə-ötürə məscid tikilən yerə gətirib. Binanın tikintisində əsasən un, yumurta və əhəngdən istifadə olunub. Məscidin mehrab hissəsi Mədinə şəhərindəki məsciddə olduğu kimi işlənib. Tikilinin orta hissələrində sütunun olmaması memarın yüksək peşəkarlığından xəbər verir. Məscidin ətrafına şəbəkəli hasar çəkilib, dəstəmaz yeri və mədrəsə tikilib, ərazidə abadlıq işləri aparılıb. Türkiyə hökuməti tərəfindən məscidə minbər əlavə olunub və hündürlüyü 50 metr olan minarə tikilib.

Digər fotolar
arrow-up