Kateqoriyalar
Sırala
ID 0141251

Milli musiqi alətlərinə yenidən həyat verən Məmmədəli Məmmədov

Azərbaycan Milli Konservatoriyasının “Milli alətlərin bərpası və təkmilləşdirilməsi” elmi-tədqiqat laboratoriyasının rəhbəri, fəlsəfə doktoru Məmmədəli Məmmədov 1951-ci ildə Salyan rayonunda anadan olub. Valideynləri onun gələcəkdə mühəndis olmasını arzulasa da, o, uşaq yaşlarından musiqiyə böyük maraq göstərib. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təhsil aldığı illərdə də musiqi ilə məşğul olaraq ifaçılıq və yaradıcılıq qabiliyyətini inkişaf etdirib. Əmək fəaliyyətinə tələbəlik illərindən başlayan Məmmədəli Məmmədov AMEA-nın “Dərin Neft və Qaz Yataqlarının Problemləri” İnstitutunda müxtəlif vəzifələrdə çalışıb. Lakin musiqiyə olan dərin bağlılığı onu yenidən bu sahəyə yönəldib. O, zamanla musiqi alətləri ixtira etməyə başlayıb və bu istiqamətdə Əqli Mülkiyyət Agentliyinə müraciət edib. Daha sonra Heydər Əliyev Fonduna müraciəti onun fəaliyyətində yeni mərhələnin başlanğıcı olub. Beləliklə, o, Azərbaycan Milli Konservatoriyasının “Milli musiqi alətlərinin təkmilləşdirilməsi” elmi-tədqiqat laboratoriyasında fəaliyyətə başlayıb. Xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunan Məmmədəli Məmmədov xalq çalğı alətlərinin rekonstruksiyası, bərpası və yeni diapazonlu milli alətlərin yaradılması ilə məşğul olur. Onun təkmilləşdirmə işləri milli alətlərin köklənmə sistemində, qol ilə çanağın daha keyfiyyətli birləşməsində, bucağın dəqiq tənzimlənməsində və alətin kövrəkliyinin aradan qaldırılmasında özünü göstərir. Məmmədəli Məmmədovun hazırladığı “Qarabağ kamanı” (müəlliflər: S.Kərimi, M.Məmmədov), “Ud-Mən”, “İrs”, “Sevgililər”, “Azərbaycan” və digər musiqi alətləri Müəllif Hüquqları Agentliyində qeydiyyata alınıb.

Digər fotolar
arrow-up