160-a yaxın pişiyi yuva ilə təmin edən sığınacaq
2024-cü ildə fəaliyyətə başlayan bu sığınacaq cəmi üç küçə pişiyi ilə qurulub. Bu gün isə burada 160-a yaxın pişik qorunur və onların hər biri küçədən ağır vəziyyətdə götürülərək həyata qaytarılıb. Sığınacaq 5 nəfərlik heyət tərəfindən idarə olunur və bütün xərclər əsasən onların şəxsi vəsaitləri hesabına qarşılanır. Bununla yanaşı, müxtəlif insanlar tərəfindən edilən ianələr və hədiyyələr də fəaliyyətin davamlılığında mühüm rol oynayır. Buraya gətirilən pişiklər əsasən küçəyə atılmış, maşın vurmuş, xəstə və ya soyuq şəraitdə həyatda qalmağa çalışan heyvanlardır. Sığınacaqda onlar ilkin tibbi yardımla təmin olunur, müalicə edilir, qısırlaşdırılır və peyvəndlənir. Həmçinin pişiklər mütəmadi olaraq baytar müayinəsindən keçirilir. Tamamilə ödənişsiz fəaliyyət göstərən bu sığınacaq yalnız heyvanların qorunması ilə kifayətlənmir. Burada sağalan və sosiallaşan pişiklər üçün yeni sahiblər də tapılır, onların sevgi dolu ailələrə qovuşması təmin edilir.
