12 aprel – Dünya Aviasiya və Kosmonavtika Günü
12 aprel – Dünya Aviasiya və Kosmonavtika Günü 1961-ci ildə sovet kosmonavtı Yuri Qaqarinin ilk dəfə insanlı kosmik uçuş həyata keçirməsi münasibətilə təsis edilib. Bu tarix insanlığın kosmosun fəthinə atdığı ilk real addım kimi tarixə düşüb. Həmin gündən etibarən 12 aprel dünyada aviasiya və kosmonavtika sahəsində əldə olunan nailiyyətlərin qeyd olunduğu əlamətdar gün kimi keçirilir. Bu gün, eyni zamanda səmanı peşə seçən, aviasiya sahəsinə könül verən gənclərin də bayramı hesab olunur. Azərbaycanda bu sahədə ixtisaslı kadrların hazırlanmasında mühüm rol oynayan ali təhsil ocağı olan Milli Aviasiya Akademiyasında tələbələr həm nəzəri biliklərə yiyələnir, həm də praktiki bacarıqlar qazanaraq gələcəyin pilotları kimi yetişirlər. Akademiyanın "Uçuş mühəndisliyi" (Pilot) ixtisasının IV kurs tələbəsi Sara Əsgərlinin aviasiyaya marağı ailəsindən qaynaqlanır. Atasının uzun illər pilot kimi çalışması onun bu sahəyə yönəlməsində əsas rol oynayıb. Uşaqlıqdan atasını uniformada görməsi və müxtəlif ölkələrə səfərləri Sara üçün ilham mənbəyinə çevrilib. O, akademiyanı təhsilin keyfiyyətinə görə seçdiyini bildirir və pilotluğun həm çətin, həm də böyük məsuliyyət tələb edən bir peşə olduğunu vurğulayır. Gələcəkdə isə "Azərbaycan Hava Yolları"nda pilot kimi fəaliyyət göstərməyi planlaşdırır. Onun sözlərinə görə, Dünya Aviasiya və Kosmonavtika Günü xüsusilə qadınların bu sahədə irəliləməsi baxımından qürurverici bir gündür. Eyni ixtisas üzrə Türkiyədən olan III kurs tələbəsi Süeda Atlar isə müxtəlif ölkələrdə təhsil imkanlarını araşdırdıqdan sonra seçim edib. Onun fikrincə, Milli Aviasiya Akademiyasında həm pilot, həm də uçuş mühəndisi kimi yetişmək imkanı böyük üstünlükdür. O qeyd edir ki, burada tələbələr təkcə təyyarəni idarə etməyi deyil, onun mexanizmini də dərindən öyrənirlər. Təhsil prosesinin kifayət qədər ciddi və çətin olduğunu deyən Süeda bu sahəyə marağının uşaqlıqdan yarandığını və zamanla məqsədə çevrildiyini vurğulayır. Gələcək planları arasında "Azərbaycan Hava Yolları"nda pilot kimi çalışmaq da var. Hər iki tələbə Dünya Aviasiya və Kosmonavtika Gününü bu sahədə çalışan insanların zəhmətinə verilən dəyər kimi qiymətləndirir. Onlar hesab edirlər ki, aviasiya yalnız peşə sahəsi deyil, həm də böyük məsuliyyət və fədakarlıq tələb edən həyat yoludur. Sonda isə onlar kimi pilot olmaq istəyən gənclərə, xüsusilə qadınlara səslənərək stereotiplərdən çəkinməməyi və arzularının arxasınca getməyi tövsiyə edirlər. Əgər bu sahəyə maraq və inam varsa, səma hər kəs üçün açıqdır.
