Altı ay radiasiyalı ərazidə işləyən Çernobıl iştirakçısı Nəriman Rəhimov
1986-cı ildə Ukraynanın Pripyat şəhəri yaxınlığında yerləşən Çernobıl Atom Elektrik Stansiyasında baş verən partlayış milyonlarla insanın həyatında silinməz izlər qoyub. Bu faciənin ağır nəticələrini yaşayan insanlardan biri də hərbi komissarlığın göndərişi ilə bütün həyatı dəyişən Nəriman Rəhimov olub. “Bakı Metropoliteni”ndə suvaqçı-rəngsaz kimi çalışan Nəriman Rəhimov Çernobıl faciəsi baş verdikdən bir neçə ay sonra əraziyə göndərilib. Anasının xəstə olmasına baxmayaraq Çernobıla yollanıb və altı ay ərzində radiasiyalı ərazidə xidmət edib. Bu müddətdə ərazinin beton hasara alınması və təhlükəsizlik tədbirlərinin görülməsi işlərində iştirak edib. Onun yaddaşından silinməyən məqamlardan biri isə tərk edilmiş şəhər mənzərəsi olub. Evakuasiya səbəbilə insanlar tələsik ərazini tərk etdikləri üçün evlərdə yarımçıq qalan gündəlik həyatın izləri onun hələ də gözlərinin önündən getmir. Deyir ki, yığışdırılmamış süfrələr, həyətlərdə olduğu kimi qalan maşınlar sanki burada nə qədər dəhşətli bir hadisənin baş verdiyini səssiz formada danışırdı. Şəhərdə yalnız yaşlı bir cütlük qalıb, onlar isə ömürlərinin son günlərini öz evlərində keçirmək istədikləri üçün getməyiblər. Nəriman Rəhimov həmin cütlüyün sonrakı aqibəti barədə məlumat əldə edə bilmədiyini bildirir. O, buradakı təhlükənin müəyyən qədər fərqində idi, radiasiyanın zərərli olduğunu bilirdi. Lakin əraziyə əmrlə göndərildiyi üçün seçim imkanı olmayıb. Sonradan eşitdiyi məlumatlar və gördükləri onun şəxsi seçimlərinə də təsir edib. Çernobıldan qayıdan insanların övladlarında müxtəlif sağlamlıq problemləri yarandığı üçün evlənməmək qərarına gəlib. Bakıya, evinə qayıtdıqdan sonra isə müxtəlif yerlərdə fəhlə kimi işləyərək dolanmağa başlayıb. O, əvvəldən çətinliklə keçən 68 illik həyatının Çernobıldan qalmış baş və bədən ağrıları ilə daha da çətinləşdiyini deyir. Bu gün həmin illərin səssizliyi yaddaşında bəzən çətinliklə xatırladığı, qırıq-qırıq hekayələr kimi yaşayır. Sanki zaman Çernobılda dayanıb, Nəriman Rəhimov isə oradan heç vaxt qayıtmayıb.
