Kateqoriyalar
Sırala
ID 0141787

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Cəlil Xəlilov

İkinci Dünya Müharibəsindən sonra bir çox ölkələrdə olduğu kimi Azərbaycanda da veteran hərəkatı formalaşmağa başlayıb. Müharibə iştirakçılarının sosial müdafiəsinin gücləndirilməsi və onların hüquqlarının qorunması məqsədilə yaradılan bu hərəkat sonradan təşkilatlanaraq ölkənin ən böyük veteran qurumlarından birinə çevrilib. Bu istiqamətdə ilk addımlardan biri 1960-cı il iyunun 10-da Bakı Veteran Komitəsinin yaradılması olub. Sonrakı illərdə rayonlarda veteran təşkilatlarının formalaşdırılması prosesi genişlənib. 1987-ci il sentyabrın 21-də Respublika Veteranlar Təşkilatı təsis edilib, daha sonra qurum Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq adlandırılıb. Quruma İkinci Dünya Müharibəsi, Əfqanıstan müharibəsi və Qarabağ müharibəsi iştirakçıları, əmək veteranları, eləcə də ehtiyatda olan zabitlər üzv ola bilirlər. Hazırda təşkilata polkovnik Cəlil Xəlilov rəhbərlik edir. Onun sözlərinə görə, qurumun əsas məqsədi veteranların sosial hüquqlarının müdafiəsi, rifahının yaxşılaşdırılması, onlara hərtərəfli qayğının göstərilməsi və gənc nəslə vətənpərvərlik ruhunun aşılanmasıdır. Burada, eyni zamanda İkinci Dünya Müharibəsində iştirak etmiş azərbaycanlıların döyüş yolu araşdırılır, onların qəhrəmanlığı gələcək nəsillərə çatdırılır. Cəlil Xəlilov bildirir ki, İkinci Dünya Müharibəsində 700 mindən çox azərbaycanlı iştirak edib və onların yarıdan çoxu geri qayıtmayıb. Hazırda veteranlarla əlaqələrin davamlı saxlanılması üçün həm ölkə daxilində rayon təşkilatları ilə, həm də xarici ölkələrin veteran qurumları ilə əməkdaşlıq edilir. Bölgələrə səfərlər zamanı veteranlar evlərində ziyarət olunur, onların qayğı və ehtiyacları ilə maraqlanılır. Veteranların sosial rifahının yaxşılaşdırılması istiqamətində də müxtəlif işlər görülür. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu, birdəfəlik maddi yardımların ayrılması, pensiyaların mütəmadi olaraq artırılması, mənzil və avtomobillə təminat, pulsuz müalicə imkanları, eləcə də dövlət tərəfindən təşkilata maliyyə dəstəyi bu sahədə atılan addımlar sırasında yer alır.

Digər fotolar
arrow-up